VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI
MÜDAFİƏ LİQASININ
NİZAMNAMƏSİ
1. ÜMUMİ MÜDDƏALAR
1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (bundan sonra VƏHML) qeyri-siyasi, qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır və öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “İctimai birliklər haqqında” Azərbaycan Respublikası qanunu və bu nizamnaməni əsas götürür.
2. VƏHML Azərbaycan Respublikası vətəndaşlarının könüllü birliyi əsasında yaradılır və öz fəaliyyətində demokratik prinsipləri əsas götürür.
3. VƏHML hüquqi şəxsdir, onun dairəvi möhürü, ştampı, firma blankı, emblemi, manatla və valyuta ilə hesablaşma hesabı, digər rekvizitləri vardır.
4. VƏHML-in hüquqi ünvanı: Bakı şəhəri 370006, Nərimanov küç. 11/16
2. VƏHML-in MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
1. VƏHML-in əsas məqsədi Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında milli qanunvericiliyi və beynəlxalq normalara uyğun əmək münasibətlərinin formalaşmasına yardım etmək, bu sahədə geniş kütlələr içərisində maarifləndirmə işi aparmaqdır. VƏHML öz fəaliyyətində həmkarlar ittifaqının kompitensiyasına daxil olan konkret fəaliyyətlə məşğul olmur.
2. Yuxarıda göstərilən məqsədləri həyata keçirmək məqsədi ilə VƏHML aşağıdakı vəzifələri həyata keçirir:
3. Vətəndaşlar arasında əmək hüququna dair maarifləndirmə işi aparır.
4. Vətəndaşların əmək hüquqlarının ümumi vəziyyətinə dair məlumatlar və hesabatlar hazırlayaraq ictimaiyyətə və maraqlı orqanlara çatdırır.
5. Qanunvericiliyə və nizamnaməyə uyğun digər fəaliyyətlə məşğul olur.
3. VƏHML-də ÜZVLÜK. ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
1. VƏHML-də fərdi və kollektiv üzvlük mövcuddur.
– VƏHML-in nizamnaməsi ilə tanış olan və onu qəbul edən, Azərbaycan Respublikasında yaşayan hər bir kəs ərizə ilə VƏHML orqanlarına müraciət edərək onun fərdi üzvü ola bilər.
– Fəaliyyət dairəsi VƏHML-in nizamnaməsinə və prinsiplərinə zidd olmayan qeyri-hökumət və qeyri-siyasi təşkilatlar VƏHML-in üzvü ola bilər; bunun üçün həmin təşkilatın rəhbər orqanın qərarı və müraciəti zəruridir.
2. VƏHML üzvlərinin aşağıdakı hüquqları vardır:
– VƏHML-in bütün tədbirlərində iştirak etmək, onun seçkili orqanlarına seçmək və seçilmək.
– VƏHML-in kollektiv üzvləri yuxarıda göstərilən hüquqlarla yanaşı VƏHML İcraiyyə Komitəsinə bir nəfər səlahiyyətli nümayəndə təyin etmək hüququna malikdir.
3. VƏHML üzvlərinin vəzifələri:
– nizamnaməyə və VƏHML orqanlarının qərarlarına əməl etmək;
– VƏHML-in tədbirlərində fəal iştirak etmək.
4. VƏHML üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
– Təşkilat ləğv edildikdə;
– Üzv özü könüllü olaraq təşkilat üzvlüyündən çıxdıqda;
– Üzvlükdən azad edildikdə.
Üzvlükdən azad edilmə yalnız ciddi nizamnamə pozuntusuna yol verildikdə, İcraiyyə Komitəsinin yekdil qərarı ilə həyata keçirilir.
4. VƏHML-in SEÇKİLİ ORQANLARI, ONLARIN
FORMALAŞDIRILMASI VƏ GERİ ÇAĞIRILMA QAYDALARI.
SƏLAHIYYƏTLƏRİ
1. VƏHML-in ali orqanı iki ildə bir dəfə çağırılan ümumi yığıncaq və ya konfransdır. İcraiyyə Komitəsinin və Nəzarət Komissiyasının birgə qərarı və ya üzvlərin yarıdan çoxunun tələbi ilə növbədən kənar ümumi yığıncaq və ya konfrans çağırıla bilər.
2. Ümumi yığıncaq və ya konfrans aşağıdakı məsələləri həll edir:
– İcraiyyə Komitəsinin fəaliyyətinə dair İcraiyyə Komitəsi sədrinin hesabatını dinləyir və qiymət verir;
– Nəzarət Komissiyasının hesabatını dinləyir və qiymət verir;
– Nizamnaməni qəbul edir, ona əlavə və dəyişikliklər edir;
– İcraiyyə Komitəsinin seçikli üzvlərini və Nəzarət Komissiyasını seçir;
– Təşkilatın fəaliyyətinə xitam verilməsinə və onun əmlakının taleyinin müəyyənləşdirilməsinə dair qərar qəbul edir;
– Qanunvericiliyə və nizamnaməyə uyğun olan digər qərarları qəbul edir.
3. Ümumi yığıncaq üzvlərin yarıdan çoxu, konfrans isə nümayəndələrin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab olunur. Ümumi yığıncaq və ya konfrans səsvermə qaydasını özü müəyyən edir. İştirakçıların yarıdan çoxu səs verdikdə qərarlar qəbul olunmuş hesab olunur. Təşkilatın fəaliyyətinə xitam verilməsinə, taleyinin həll olunmasına dair qərara yığıncaq və ya konfrans iştirakçılarının üçdə ikisi səs verdikdə qərar qəbul olunmuş hesab olunur.
4. Ümumi yığıncaqlar və ya konfranslar arası dövrdə VƏHML-in fəaliyyətinə İcraiyyə Komitəsi rəhbərlik edir.
5. İcraiyyə Komitəsinin tərkibi VƏHML-in ümumi yığıncağında və ya konfransında iki il müddətinə seçilir. Kollektiv üzvlər İcraiyyə Komitəsinə öz nümayəndələrini təyin edir.
6. Üzvlərin yarıdan çoxunun təşəbbüsü ilə növbədən kənar yığıncaq və ya konfrans keçirilə bilər və İcraiyyə Komitəsinin seçilən üzvləri geri çağırıla bilər. Təyin olunan İcraiyyə Komitəsi üzvlərinin geri çağırılmasını onu təyin edən təşkilat həyata keçirir.
7. İcraiyyə Komitəsinin səlahiyyətləri aşağıdakılardır:
– VƏHML-in ümumi fəaliyyətinə rəhbərlik edir;
– VƏHML-in fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir;
– VƏHML adından bəyanatlar verilir;
– İcraiyyə Komitəsinin sədrini seçir və hesabatını dinləyir;
– VƏHML İcraiyyə Komitəsi sədrinin imzaladığı müqavilələri, o cümlədən digər təşkilatlarla əməkdaşlıq və üzvülüyə dair sənədləri təsdiq etmək.
8. İcraiyyə Komitəsinin iclasları zərurət olduqda, lakin iki ayda bir dəfədən gec olmamaq şərtilə İcraiyyə Komitəsinin sədri tərəfindən çağırılır. İcraiyyə Komitəsi üzvlərinin yarısının və ya nəzarət orqanının tələbi ilə növbədən kənar iclas da çağırıla bilər. İcraiyyə Komitəsi üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli hesab olunur. Səsvermə qaydasını İcraiyyə Komitəsi özü müəyyən edir. İştirakçıların yarıdan çoxu səs verdikdə qərarlar qəbul olunmuş hesab olunur.
9. İcraiyyə Komitəsi öz üzvləri sırasından İcraiyyə Komitəsinin sədrini seçir.
– İcraiyyə Komitəsinin sədri VƏHML-in maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir, aparatını təşkil edir, ştat cədvəlini müəyyənləşdirir və onu digər təşkilatlarda təmsil edir.
10. İcraiyyə Komitəsi sədrinin səlahiyyət müddəti İcraiyyə Komitəsinin seçikli üzvlərinin səlahiyyət müddəti ilə eynidir.
İcraiyyə Komitəsi üzvlərinin 2/3 səs çoxluğu ilə İcraiyyə Komitəsinin sədri vaxtından qabaq geri çağırıla bilər.
11. İcraiyyə Komitəsinin sədri olmadıqda İcraiyyə Komitəsinin üzvlərindən biri komitənin qərarı ilə onu əvəz edir.
5. VƏHML-in NƏZARƏT KOMISSIYASI
1. VƏHML-in Nəzarət Komissiyası ümumi yığıncaqda iki il müddətinə seçilir. Növbədən kənar yığıncaq Nəzarət Komissiyasını vaxtından qabaq geri çağıra bilər.
2. Nəzarət Komissiyası VƏHML-in bütün orqanlarının üzərində nəzarət funksiyasını həyata keçirir.
3. Nəzarət Komissiyasının iclaslarına üzvlərdən biri növbəlilik prinsipi əsasında sədrlik edir.
6. VƏHML-in VƏSAİTİ VƏ ƏMLAKI. Onun əmələ gəlmə mənbələri.
1. VƏHML-in əmlakı və maliyyə vəsaiti üzvlərinin verdiyi üzvlük haqları, ayrı-ayrı şəxslərin və fondların könüllü ayırmaları hesabına toplanır.
2. Aylıq üzvlük haqqı fərdi üzvlər üçün Respublikada müəyyən olunmuş minimum əmək haqqının onda biri həcmində, kollektiv üzvlər üçün isə minimum əmək haqqının miqdarı həcmində müəyyən olunur.
7. VƏHML-in BEYNƏLXALQ ƏLAQƏLƏRİ
7.1. VƏHML qanunvericiliyə və nizamnaməyə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
8. VƏHML-in NİZAMNAMƏSİNİN QƏBULU, ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLİYİN EDİLMƏSİ. VƏHML-in FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ VƏ ƏMLAKININ TALEYİ
1. VƏHML-in Nizamnaməsi ümumi yığıncaqda, yaxud konfransda qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər ümumi yığıncaq və ya konfrans tərəfindən həyata keçirilir.
2. VƏHML-in fəaliyyətinə onun yığıncağında xitam verilə bilər. Qərar yığıncaq iştirakçılarının 2/3 səs çoxluğu ilə qəbul olunur.
3. VƏHML-in fəaliyyətinə xitam verən orqan onun əmlakının taleyi ilə bağlı qərar qəbul edir. Təşkilat ləğv olunduqda onun əmlakı və pul vəsaitləri ümumi yığıncağın və ya konfransın qərarı ilə fəaliyyəti və məqsədləri VƏHML-in fəaliyyət və məqsədləri ilə üst-üstə düşən qeyri-hökumət təşkilatlarından birinə verilir.
