“Fuad Muradov hər kəsə işinə görə qiymət verməyin yolunu tapmalı, problemləri həll etməlidir”

 
 
 
">
9
Fev
16:22
thumb_down 0
499

“Diaspora quruculuğuna yenidən baxılmalıdır”

Xaricdə yaşayan həmyerlilərimiz diaspora təşkilatlarının və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazıdır. Bundan öncəki yazılarımızda xaricdə yaşayan, eləcə də ölkəmizdə yaşayan ekspertlərin fikirlərinə toxunduq. Onlar qeyd edirlər ki, nəinki adi günlərdə, müharibə dövründə də komitənin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz.

Öncəki yazımıza (Buradan oxuya bilərsiniz) münasibət bildirən komitə rəsmisi isə müharibə dövründə görülən işlərlə bağlı geniş hesabat təqdim etdi. (Komitənin hesabatını buradan oxuya bilərsiniz) Ekspertlər isə deyir ki, diaspora təşkilatları müharibə dövründə koordinasiyasız və pərakəndə fəaliyyət göstərdilər. Həmçinin şəxsi təşəbbüsü ilə müxtəlif tədbirlər təşkil edən və dövlət mənafeləri uğrunda başqa ölkələrdə böyük işlər görən şəxslərə hansısa formada dəstək verilmədi.

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri, hüquq müdafiçəsi Əlövsət Əliyev də bu fikirdədir. O, Correct.az –a açıqlamasında qeyd edir ki, bir sıra ölkələrdə diaspora quruculuğuna yenidən baxılması vacib hal alıb:

“44 günlük müharibədən öncə, müharibə dövründə və müharibədən sonra Azərbaycan diasporasının fəaliyyətini necə idisə elə həmin qaydada da davam edir. Sadəcə müharibə dövründə informasiya müharibəsinə qoşulanlar, Azərbaycanın işğalçı olmadığını sübut etməyə çalışan yeni və daha fəal diasporaçılar diqqət çəkdi. 

44 gün ərzində xarici KİV-nin əksəriyyəti Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yazdı və bu proses indi də davam edir.  Azərbaycan əleyhinə təbliğata azərbaycanlıların daha çox məskunlaşdığı Rusiya, ABŞ, Fransa, Almaniya, Belçika, Niderland kimi ölkələrin  mətbuatı yer ayırır.  Hətta görünən odur ki,  bəzi ölkələrin əksər KİV-i erməni diaspora təşkilatlarının təsiri altındadır. Şübhəsiz əleyhimizə olan təbliğat həm də müsəlman olmağımız və  Türkiyənin yanımızda olması ilə də  bağlıdır. 

Lakin bu, daha çox diplomatik nümayəndəliklərimizin və diaspora təmsilçilərimizin  fəaliyyətindəki problemlərlə bağlıdır. Rusiya Federasiyası, ABŞ, Belçika, Almaniya, Fransa, Niderland, Lüksenburq  və başqa ölkələrdə baş verənlər  onu deməyə əsas verir ki, həmin ölkələrdə  diaspora qruculuğuna  yenidən baxılmalıdır.

Çünki görünən odur ki,  Qarabağ probleminin obyektiv işıqlandırılmasına və diaspora təşkilatçılığına  yardım etmək gücündə olan həmvətənlərimiz kifayət qədər çox olsa da onların əksəriyyətinin potensiallarından istifadə olunmur.  

Fərdi qaydada Diaporla İş üzrə Dövlət Komitəsinin işinə bərabər səviyyədə fəaliyyət göstərən şəxslərin olduğunun şahidi olduq.  Müharibədən sonra da fəal həmvətənlərimizin müxtəlif ölkələrdə fəaliyyəti davam edir. Bu fəaliyyətlər müxtəlif istiqamətlərdədir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, soydaşlarımızın maarifləndirilməsi, təşkilatlanması, yeni azərbaycan  birliklərin və icmaların yaradılması və inkişafı, Azərbaycan dilinin və mədəniyyətinin təbliği və s. İndi daha mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazidlərdə törədilmiş erməni vəhşiliklərinin dünyaya çatdırılması ilə bağlı ola bilər. Müharibədən sonra diaspora təşkilatlarının təşəbbüsü ilə şəhid ailələrinə maddi yardım kampaniyasının da başlanıldığının şahidi olduq.  Əslində müharibədən sonra, hətta indi də bu sahədə fəallığı ilə seçilən həmvətənlərimiz öz işlərini davam etdirirlər.  Disaporla İş üzrə Dövlət Komitəsi müharibədən sonra ümumiləşdirmə aparmalı və ən fəalların fəaliyyətini dövlət səviyyəsində işıqlandırılmasına maraq göstərməli idi.

Nədənsə diaspora deyəndə ilk olaraq hər kəs Diasporla iş üzrə dövlər Komitəsi və onun yaratdığı icma və birliklər haqqında düşünür. Əslində xaricdə yaşayan, yerli cəmiyyətə inteqrasiya olunmuş və özünü azərbaycanlı hesab edən, Azərbaycanın maraqları naminə könüllü fəaliyyət güstərən hər kəs diasporaçıdır. Diaspora təşkilatları arasında fikir ayrılığının olması normaldır. Amma bu fikir ayrılığı və yaranan müzakirələr həqiqətin müəyyən olunmasına, dispota təşkilatları arasında sağlam rəqabətə xidmət etməlidir. Bu mərkəzdən qaçma deyil, daha geniş formada inkişafa yaradılan şərait deməkdir. Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifəsi isə belə icmaları, fəal şəxsləri müəyyən etməkdən və xaricdə yaşayan hər fəal şəxsin fəaliyyətini əlaqələndirməyə çalışmaqdan ibarət olmalıdır. Bəzi hallarda komitə ilə əməkdaşlıq etməyən icma və ya şəsxləri kənar təsirlərin altında olanlar adlandırırlar. Bu yolverilməzdir”. 

“Diaspora Komitəsi zərərli vərdişlərini unutmalı, xaricdə keçirilən tədbirlərə Azərbaycandan insan daşımamalıdır”

Əlövsət Əliyev də tarixçi alim Xaləddin İbrahimli ilə eyni fikirdədir. O deyir ki, diasporaçılar bu fəaliyyətə biznes sahəsi kimi baxırlar ki, bu da tamamilə yanlış yanaşmadır:

“Dispora Komitəsi fəaliyyətini  genişləndirməli və bəzi zərərli vərişləri unutmalıdır. Komitənin saxlanılmasına çəkilən xərclər azaldılmalı, xaricdə təşkilatlanmaya şərait yaradılmalıdır.  Diaspora təkcə dövlət büdcəsində ayırmalar hesabına deyil, həm də xaricdə məskunlaşan iş adamlarının    xüsusilə xaricdə sərmayə qoyan  məmurların əmlaklarının müəyyən faizi hesabına inkişaf etdirilməlidir. Xaricdə məskunlaşan və fəaliyyət güstərərn media orqanlarına dəstək verilməli, onların oxucuları və dinləyiciləri tədricən əcnəbilər olmalıdır. Həmin media təmsilçiləri  Azərbaycanın  təbliğatçılarına çevrilməlidirlər. Komitə xaricdə təşkil olunan tədbirlərə Azərbaycandan insanları daşımalı deyil, xaricdə Azərbaycan üçün daha əhəmiyyətli insanlar var və onlar müəyyən olunmalı, bu kimi tədbirlərə qatılmalıdır.  Komitə xaricdə məskunlaşanlarla dövlət orqanları arsında olan problemlərin qanunvericiliklə həllinə dəstək verməlidir. Bu sahədə fəaliyyətini  inkişaf etdirəcəyi halda biz hər zaman komitənin yanında olacaq və təkliflərimizi verəcəyik. Təəssüf ki, hələ uğurlu addımlar gürünmür.

Diasporanın fəaliyyət göstərməsi üçün onun üzvlərinin Vətən sevgisi, Vətənə xidmət üçün daxili istəkləri, təhsili,  böyük və  əziyyətli əməyi lazımdır. Hesab edirəm ki, dövlət   diaspora təşkilatlarında belələri kifayət qədər deyil.

Diaspora işinə cəlb edilənlər arasında prinsipial həmrəylik yoxdur və əslində  ola da bilməz. Çünki mövcud diasporaçıların əksəriyyəti diaspora fəaliyyətinə biznes sahəsi kimi, öz maraqları prizmasından  baxır ki, bu da yanlış yanaşmadır.

Azərbaycan diasporasının gələcəyi  xaricdə yaşayan hər bir azərbaycanlıdan asılıdır. Hər kəs yaşadığı ölkədə, şəhərdə, qəsəbədə, kəntdə   Azərbaycan icmasını tapmalı və ya qurmalı və mütləq  təmsil olunmalıdır.

 Rəsmi statistika olmasa da, bəzi KİV-nin hesablamalarına və QHT-nın məlumatlarına görə bu gün Azərbaycan Respublikasının hüdudlarından kənarda iki milyondan artıq vətəndaşımız, on milyonlarla soydaşımız yaşayır.   XİN-nin xaricdə qeydiyyatda olan ölkə vətəndaşları haqqında illik hesabatlarından və müxtəlif vaxtlarda seçkilərin nəticələri ilə bağlı xaricdə səs verən vətəndaşların sayını göstərən hesabatlarından məlum olur ki, əslində xaricdə yaşayanların təxminən 5 faizi konsulluq qeydiyyatına alınıb.

Konsulluqlarına güvənməyən (sığınacaq axtaranlara aid deyil), orada  qeydiyyata alınmaqdan yayınan vətəndaş  o ölkənin dispora fəaliyyətnə tövhə verə bilməz. Diaspora təşkilatları diplomatik nümayəndəliklərlə birlikdə konsulluq qeydiyyatı sahəsində olan  problemin həllinə nail olmalıdırlar”.

“Fuad Muradov  gələcəkdə hər kəsə işinə görə qiymət verməyin yolunu tapmalı, və yaranmış narahatçılıqları aradan qaldırmalıdır”

Diaspora sahəsində fəaliyyət könüllü fəaliyyətdir, bu sahəyə xahişlə və ya kommersiya marağına görə gələnlər bir gün də eyni səbəbdən bu sahədən gedəcəklər. Bu sahəni özünün daimi fəaliyyəti hiss edən, bu sahəyə daxilən ehtiyac duyan, Vətən sevdalısı olanlar isə daimi fəaliyyət göstərməkdə davam edəcəklər. Lakin bəzən layiq olanların mükafatlandırılmaması ciddi narahatlıqlara səbəb olur, bu sahədə fəaliyyət göstərənləri ruhdan salır, insanlarda çaşqınlıq yaradır, dispora qruculuğuna mənfi təsir edir.

Alman mətbuatında və sosial şəbəkələrində əvəzsiz fəaliyyəti ilə secilən Asif Məsimovun, Samir Həsənovun, Orxan Arazın, Alman mətbutına müraciətlər hazırlayan və Qarabağla bağlı müraciətləri pulsuz tərcümə edən hüquqçu Elvin Cəbrayılovun  diqqətdən kənarda qalmasına təssüf edirəm. 

Mükafat almadıqlarına görə narazı qalanlara bildirmək istəyirəm ki, Almaniyada və ya Avropada yaşayan diasporaçılar təkcə Fuad Muradovun komandası və o komandanın maliyələşdirdiyi və mükafatlandırdığı  şəxslərdən və təşkilatlardan ibarət deyil. Azərbaycan naminə fəaliyyət göstərən, tədbirlər təşkil edən, məlumatları toplayan, ümumiləşdirən, cavablar hazırlayan, vətəndaşlarımızın məlumatlanmasına xidmət edən  hər kəs diasporaçıdır.  Ruhdan düşmək lazım deyil, Azərbaycan naminə daha böyük birlik nümayiş etdirməklə yola davam etməkdən başqa yol yoxdur.

Hesab edirəm ki,  Fuad Muradov  gələcəkdə hər kəsə işinə görə qiymət verməyin yolunu tapmalı və yaranmış narahatçılıqları aradan qaldırmalıdır”.

Səsləndirilən fikirlərlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.