Bakıdakı dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli oldu - ADLAR

12
May
16:20
thumb_down 0
51

Bu ay Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edəcək.

ekskluziv.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumat verir ki, sayca doqquzuncu olan bu yarış 21-23 may tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaq.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcək. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaq.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcək.

Xatırladaq ki, bu yarışdan sonra Bakıda XVI aerobika gimnastikası üzrə dünya çempionatı baş tutacaq. 27-29 may tarixlərində keçiriləcək yarışda 22 dövlət iştirakını təsdiqləyib.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaq. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Bu yarışda Azərbaycanı Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcək.

Qeyd edək ki, yarışlar karantin qaydalarına, sanitar-epidemioloji tələblərə riayət edilməklə və tamaşaçısız keçiriləcək.