Dalğanın okeana sürüklədiyi cütlük 13 saat mağarada qaldı - FOTO

29
May
04:40
thumb_down 0
45

Cənubi Uelsdən olan cütlük dalğanın onları okeana atmasından sonra 13 saat mağarada, bellərinə qədər buzlu suyun içində qalsalar da, sağ qurtula biliblər.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, 24 yaşlı Yak Tirman və 21 yaşlı sevgilisi Şanaye Hanter “Ketrin Hill Körfəzi” sahilində gəzintiyə çıxıblar. Gəzinti zamanı qız mənzərəni çəkmək üçün qayanın üstünə çıxıb. Bu zaman nəhəng bir dalğa onu okeana aparıb. Bunu görən Tirman onun ardınca özünü okean sualarına atıb.

Cütlük növbəti 20 dəqiqəni fırtınalı dənizdə qayalar arasında keçirib. Sonda avstraliyalılar birtəhər bir mağaraya girə biliblər və 13 saat bellərinə qədər buz kimi suyun içində qalıblar.

Hanterin rəfiqəsi Eşli Kleyson onların sosial şəbəkədə sonuncu dəfə günorta saat ikidə paylaşım etdiklərini görüb. Axşam saat 8-də dostlar narahat olaraq xilasedicilərə müraciət ediblər.

Sevgililəri xilas etmək əməliyyatı dörd saat davam edib və gecə yarısı saat 3-dən sonra bitib.

Səhərə yaxın xilasedicilər onları mağaradan çıxara bilib. Həkimlər Tirman və Hanteri müayinə etdikdən sonra, cızıqlar və kəsik yaraları aşkarlayıblar.

“Dostunuz, qohumunuz və ya sevgilinizi dalğa aparırsa, qəhrəman olmağa çalışmayın və arxasınca atlamayın. Polisi çağırıb daha sonra tullanmağınızı məsləhət görürəm”, - deyə Tirman xilas edildikdən sonra “Facebook”da yazıb.