Samanla qızdırılan, dağ daşı ilə tikilən XIV-XV əsrə aid yeraltı hamam - VİDEO

18
İyn
13:00
thumb_down 0
32

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində yerləşən tarix-memarlıq abidəsi unudulmaq üzrədir.

ekskluziv.az xəbər verir ki, tarixi memarlıq abidəsi olan Nüsnüs hamamı yeraltı hamamlar qrupuna aiddir.

XIV-XV əsrlərə aid olan hamam kəndin yuxarı hissəsində yerləşir. Hamamın planı düzbucaqlı formada olub, yuyunma salonu və ona bitişik köməkçi otaqlardan ibarətdir.

Məlumatlara görə, hamamın uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, ümumi hündürlüyü 5,6 metrdir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamın soyunma və yuyunma salonu, ona bitişik olan köməkçi otaqlar iki sferik günbəzlə örtülüdür.

Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilib. İsti su hovuzu yuyunma salonuna bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı borular ilə gətirilib.

Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilib. Hamamda yuyunan adamlar isti suyu yuyunma salonuna açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilmiş otaqdan götürürdülər. Yuyunma otağı və ona birləşən otaqların altından isti havanın keçməsi üçün borular keçir. Kanal ilə bacanın keçidləri arasında əlaqə var. Hamamın üç bacası mövcuddur: biri yuyunma salonunun cənub hissəsində ocağın üstündə, digər ikisi isə yuyunma salonunun şimal hissəsində, qərb və şərq divarlarındadır.

Ocaq xəzinənin altında yerləşir, giriş oyması var. Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Hamamın salonlarının tavanını dairəvi günbəzlə, otaq və dərin taxçalar tağtavanla qapanıb. Hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divarlarının, günbəz və tağ tavanlarının dağ daşı ilə inşa olunmasıdır.

Hamamın içərisi günbəz və tavanının mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırılır. Keçmiş zamanlarda hamamı qızdırmaq üçün samandan və odundan istifadə edilib. Saman ocağa qoyulduqdan sonra ocağın bacası və ağzı qapanır, yaranan istilik həm xəzinədəki suyu qızdırır, həm də hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırırdı.

Qeyd edək ki, hazırda tarixi hamamın restavrasiyaya ciddi ehtiyacı var.