“Yayım haqqı ödənilmir…” – “İNNOVA” İnnovativ Reklamçılıq şirkətindən ŞİKAYƏT

18
Sen
15:49
thumb_down 0
80

““İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Reklam Agentliyinə yayım haqı və dövlət rüsumu ödəmir”.

Correct.az saytının redaksiyasına daxil olan şikayət məktubunda belə qeyd edilib. Şikayət məktubunda həmçinin qeyd edilir ki, şirkətin yeni yaradılmasına baxmayaraq bir çox reklam yerlərinin ekskluziv satışı məhz həmin şirkətə həvalə edilib:

““İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC tez bir zamanda yaradılsa da bir çox yerlərin ekskluziv satışı onlara həvalə edilib. Hətta paytaxtın mərkəzi küçəsi sayılan Nizami küçəsində yerləşən reklam qurğularına da məhz adıçəkilən şirkət nəzarət edir və bütün bunlara görə agentliyə heç bir rüsum və yayım haqqı ödənilmir. Bununla yanaşı pandemiya dövrü olmasına baxmayaraq işçilər də ixtisar edilirlər. Şirkətin isə ADRA ilə eyni binada, eyni mərtəbədə fəaliyyət göstərməsi şübhəli məqamların olduğuna ehtiva edir”.

Şikayət məktubunda qeyd edilən faktlarla əlaqədar olaraq Azərbaycan Dövlət Reklam Agentliyinə rəsmi sorğu ilə müraciət etdik. Sorğumuzu cavablayan agentlik bildirib ki, sözügedən şikayət həqiqəti əks etdirmir və ittiham olunan şirkət agentliyə bütün ödənişlərini vaxtında ödəyiblər:

“Müraciətdə qeyd olunanlar həqiqəti əks etdirmir və hüquqi əsası yoxdur. Əgər kiminsə yazılanlarla bağlı konkret şikayəti varsa məsələnin araşdırılması üçün aidiyyatı qurumlara rəsmi şəkildə müraciət etmək hüququ var.

Arayış üçün bildiririk ki, “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC Dövlət Reklam Agentliyi tərəfindən təsis edilib. Şirkət reklam yayıcılarına bu sahədə innovativ həllər təklif etməklə bazar iştirakçıları ilə əməkdaşlıq edir. Bununla yanaşı, bəzi hallarda reklam satışı ilə də məşğul olur. Təkcə 2019-cu il ərzində şirkət tərəfindən 25083,69 manat yayım haqqı və 2221,63 manat dövlət rüsumu ödənilib.

İşçilərin işdən kənarlaşması ilə əlaqədar bildiririk ki, pandemiya dövründə şirkətdən 1 nəfər əməkdaş əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq ayrılıb. Əlavə olaraq bildirmək istəyirik ki, şirkət bazar iqtisadiyyatı mühitində fəaliyyət göstərir və bütün saxlanma xərclərini özü təmin edir. Bununla əlaqədar, rəqabətqabiliyyətliyinin yüksəldilməsi və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə şirkət mütəmadi olaraq kadr potensialını gücləndirir. Bu səbəbdən müxtəlif vaxtlarda şirkət əmək müqavilələrinə xitam verməklə yanaşı yeni mütəxəssisləri də cəlb edir”.